Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan dövləti elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib

0


  • Ölkəmizdə enerji siyasəti uğurla aparılır
            Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, gündən - günə inkişaf edir, güclənir, qüdrətlənir. Bu inkişaf özünü təsərrüfatımızın bütün sahələrində göstərir. Ölkəmizin strateji prioritetlərindən biri də fasiləsiz, dayanıqlı elektirik enerjisi təminatıdır. Bütün bunları nəzərə alaraq ölkəmizdə yeni enerji mənbələrinin müəyyən edilməsi Cənab Prezidentimizin diqqət mərkəzindədir.
            Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan iclasında elektrik  enerjisi sahəsi ilə bağlı fikirlərində bildirib ki, “Vaxt var idi ölkəmizi qaranlıq bürümüşdü. Gecə saat 12-də televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü çətinliklə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik”.
            Mayın 1-dən etibarən “Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Bir qədər sonra ixracatın məkanı daha da genişlənərək uzaq Avstriyanı belə əhatə edəcək. Sözsüz ki, müstəqilliyini əldə etmiş gənc ölkə üçün bu, ciddi uğurdur. Keçən əsrin 90-cı illərində elektrik enerjisi istehsalı və ötürülməsində bir sıra problemlər yaşayan bir ölkənin indi Avropanın inkişaf etmiş dövlətlərinə elektrik enerjisi verməsi, əlbəttə, xüsusi diqqətə layiq haldır. Bu, hər şeydən öncə, Azərbaycan rəhbərliyinin islahatları sistemli, ardıcıl və düşünülmüş şəkildə aparmasının göstəricisidir.

    Mingəçevir İES-də baş verən gözlənilməz qəzadan

     sonra görülən tədbirlər
             Bildiyimiz kimi 2018-ci il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş vermiş və nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi. Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermişdi.
            İkinci qəza iş saatının sonlarına təsadüf etdiyindən, minlərlə adam metroda qalmışdı. “Bakı Metropoliteni”nin rəhbərliyi 30 minə yaxın sərnişini evakuasiya etmiş və metronun fəaliyyətini dayandırmışdı.
            İşıq böhranı nəticəsində Respublikanın bir çox yerində əhali su problem ilə üzləşmişdi.
    Prezident İlham Əliyev iyulun 4-də  keçirdiyi müşavirədə yaranmış problemin qısa zaman ərzində aradan qaldırılması üçün tapşırıq verdi, məsələni araşdırmaq üçün komissiya yaradıldı.
            Ölkə başçısı Dövlət Komissiyasının yekun rəyi ilə tanış olduqdan sonra işdə yol verdiyi


    nöqsanlara görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etdi. Mingəçevir İstilik Elektrik Stansiyasında blokların birində baş vermiş qəza ilə bağlı yaradılan Dövlət Komissiyasının rəyində, baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.
    Mingəçevir İES-də baş verən  gözlənilməz qəza ölkə iqtisadiyyatına külli miqdarda zərər vermişdir. Dərhal ölkə rəhbərinin buna reaksiyası qəzanın aradan qaldırılmasını və rəhbərliyin yenilənməsinin labüdlüyünü ortaya qoymuşdur. Ən vacib və strateji sahələrdən olan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi peşəkar, qabiliyyətli kadrlarla əvəz olundu.
            Prezident sentyabrın 4-də imzaladığı Sərəncamla Baba Rzayevi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin etdi.
            Baba Rzayev 2015-2018-ci illərdə “Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq, respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olub. 2015-ci ildə “Azərişıq” ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda, 2018-ci ildə 8-10 faizə endirilib, “Azərişıq” ASC-nin bütün xidmətləri “ASAN Kommunal və ASAN Xidmət” mərkəzlərinə transfer olunub.
            “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bütün əhalimizi və dinamik inkişaf edən istehsal sahələrini dayanıqlı enerji ilə təmin edir, köhnəlmiş elektirik avadanlıqlarını mütəmadi şəkildə yeniləyir.

            “Reabilitasiya Proqramı” çərçivəsində itirilmiş güclər bərpa olunur, elektrik stansiyalarında dayanıqlılıq və etibarlılıq təmin edilir
            Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərenerji” ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi” mövzusunda keçirilən  konfransda “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev proqram çərçivəsində son üç ay ərzində “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında görülən işlər nəticəsində 230 MVt gücün bərpa edildiyini vurğulayıb: “Bundan əlavə, “Azərbaycan” İstilik Elektrik Stansiyasının 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə təmirdən sonra 6 sayli enerji blokunda 60 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Ümumilikdə, “Reabilitasiya proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES tamamilə yenidən qurulur. Yəni turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kV-luq hava xətləri, əks qəza avtomatikası yenidən qurularaq bərpa edilir. Yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikilir. Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınacaq, yeraltı soyutma su boru sistemləri bərpa ediləcək. Görülmüş işlər nəticəsində stansiyanın gücü 320 MVt artaraq 2000 MVt-a çatacaq”.
            Ziyəddin Quliyev həmçinin vurğulayıb ki, “Reabilitasiya proqram” çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparılır. O bildirib ki, bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kV-luq hava xətləri, o cümlədən yarımstansiyaların yenidən qurulması işləri aparılır. Ziyəddin Quliyev qeyd edib ki, “Reabilitasiya Proqramı”na müvafiq olaraq hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə həyata keçirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində işlər görülür.
            “Azərenerji” ASC arxada qalan aprel ayında elektik enerjisinin ixracını və istehsalını 2018-ci ilin aprel ayı ilə müqayisədə xeyli artırıb. Bu ilin aprel ayında 1.825 milyard kvts elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 163 milyon kvts və ya 9,8% çoxdur. Belə ki, ötən ilin aprel ayında 1.662 milyard kvts elektrik enerjisi istehsal edilmişdi. Bir faktı da qeyd edək ki, 2018-ci ilin aprel ayı ilə müqayisədə 2019-cu aprel ayında elektrik enerjisinin istehlakı 74,6 milyon kvts və ya 4,6 faiz artıb. Bu isə ölkə əhalisinin, o cümlədən sosial-iqtisadi infrastukturun və xaric dövlətlərə ixracın artması və nəhayətdə təlabatın yüksəlməsi ilə bağlıdır.
            İnanırıq ki, görülən işlər öz müsbət faydasını verəcək, yeni hədəflər uğurla icra olunacaq. Ölkəmizdə indiyə qədər istifadə edilməmiş enerji mənbələrini müəyyənləşdirərək enerji ehtiyatlarımızı artırmalıyıq. Alternativ enerji mənbələrini elektrik və istilik enerjisi istehsalına cəlb etməklə elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklərə nail ola bilərik.

    Qarabağda zəngin enerji resurslarımız var
            Zəngin təbii ehtiyatları, füsunkar gözəlliyi olan Qarabağda gursulu çaylarımız var. Tərtər çayı, Xaçınçay, Həkəri çayı kimi çaylarımız zəngin enerji mənbələridir.
             1976-cı ildə Tərtərçayın üzərində qurulmuş Sərsəng SES-sı   hazırda işğal altında olan Ağdərə rayonunun ərazisində yerləşir. Sərsəng su anbarında hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Sərsəng su anbarı 20 ildən artıqdır ki, bədnam qonşularımızın istifadəsindədir.
            Əminik ki, yaxın gələcəkdə yağı tapdağında inildəyən torpaqlarımızı azad edəcəyik və bu torpaqlarımızın zəngin enerji potensialı ölkəmizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

    Məcburi köçkünlər üçün salınmış qəsəbələr 

    fasiləsiz elektrik enerjisi ilə təmin edilib
            Xocalı rayonundan 2024 ailə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə təsdiq  edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun  artırılması  üzrə  Dövlət  Proqramı”-na və bu Proqrama 2007 və 2011-ci illərdə edilmiş Əlavələrə uyğun olaraq respublikanın müxtəlif şəhər və rayonlarında  fərdi yaşayış evi və ya mənzillərlə təmin edilmiş, rayondan olan 2335 məcburi köçkün ailəsinin isə gələcəkdə yeni mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə əhaliyə xidmət göstərən istismar gücü 20 MVA olan elektrik yarımstansiyası tikilmişdir. Həmin elektirik yarımstasiyasını 110 kV-luq elektrik gərginliyi qidalandırır, qəsəbəyə və digər yaxın yaşayış məntəqələrinə 10 kV-luq xətt çəkilməklə, eyni zamanda 10/04 kV-luq nasaz transformator yenilənməklə əhalimizi dayanıqlı enerji ilə təmin edir. Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni Yaşayış massivində 2, Aşağı Ağcakənd qəsəbəsində 6, Yuxarı Ağcakənd qəsəbəsində 4, Börü qəsəbəsində 4, Meşəli qəsəbəsində 3 ədəd transformator istifadəyə verilmişdir. Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə 20 ədəd transformator quraşdırılmışdır.
            Xocalılar üçün salınmış qəsəbələr fasiləsiz elektrik enerjisi ilə yanaşı, qaz təchizatı ilə də təmin olunub. Bütün bunlar əhalinin enerjiyə olan tələbatının ödənilməsi üçün dövlətimizin göstərdiyi diqqət və qayğıdır.
            Ölkəmizdə enerji sahəsində məcburi köçkünlər üçün tətbiq edilən güzəşt limiti Xocalı rayonundan olan məcburi köçkünlərin də həyat səviyyəsinin yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir və onlar buna görə dövlətimizə, Cənab Prezidentimizə minnətdarlıqlarını hər zaman dilə gətirirlər.

    Azərbaycanın energetika sektorunun uzunmüddətli 

    inkişaf Strategiyası hazırlanacaq
            29 may 2019-cu il tarixdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında Sərəncam imzalayıb.
            Sərəncama əsasən, Energetika Nazirliyinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini 12 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
            Cənab Prezident Sərəncamda Nazirlər Kabinetinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinin təqdim edilməsini də tapşırıb.
            İnanırıq ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin edilməsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək, alternativ enerji mənbələrinin zəngin olduğu respublikamızın enerji sistemini gücləndirməklə ölkəmizin böyüyən iqtisadiyyatını sabit enerji təminatı ilə təmin edəcək.

    Qalib BƏYMƏMMƏDOĞLU,

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 

    və Azərbaycan Respublikasının Prezidenti yanında 

    Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 

    Dövlət Dəstəyi Fondunun keçirdiyi 

    müsabiqəyə təqdim etmək üçün”
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib38 dəfə
    Azərbaycan dövləti elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib

    Maraqlı gələ bilər
    36
    38
    48